Çanaqqala, mən Şuşadan gəlmişəm…

0 0

Bu gün gözəl şairimiz Akif Əhmədgilin ad günüdür. Bəxtindən elə olub ki, 1992-ci ildən bəri ad gününü qeyd edə bilmir. Lakin, atalarımız “Xeyirlə şər qardaşdır” deyib. Biz də bu gün artıq Azərbaycanın zəfər çaldığını, rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qalib gəldiyini nəzərə alaraq və bir müddətdən sonra Xocalımızda da çıraq yandıracağımıza inanaraq hüznlə qeyd etdiyimiz günün sonunda Akif müəllimi “Azad Şuşa”nın və saytımızı sevən oxucuların adından təbrik etmək qərarına gəldik.

Hədiyyəmiz də şairin aşağıda təqdim etdiyimiz şerləridir.

Ad günün mübarək, Akif müəllim!

 

Akif Əhmədgil

  1. Anama

Beş övlad gətirdin sən ki dünyaya,
Gəlimli dünyaya gəlib gedirsən.
Xalçanın üstündən asılıb şəklin,
Məsum bir təbəssüm… gülüb gedirsən?

Qızların üstünə gül aparmazmı?
Gizlədə bilsəydim nəvələrindən,
Gizlədə bilsəydim göz yaşlarımı…
Yataqda balıncı sel aparmazmı?
Xiffətin bağrımı dəlib, gedirsən.

Sıxır ayağımı ayaqqabı da,
Otaqda üstümə lay divar gəlir.
Qaldığım otaqlar dursun bir yana,
Qaldığım dünya da mənə dar gəlir.

Deyərdin: “Beş övlad beş barmağımdır”.
Bu maşın haraya şütüyür belə?!
Sükan arxasında böyük oğlum,
Sükan arxasında sonbeşiyimmi?!

Bilirəm, böyüyü çox istəyirdin.
Ortancıl oğlun – adsız barmağın,
Kəsib boğazından, kəsib əynindən
Sən onu hər zaman kürsü başında,
Vəzifə başında tox istəyirdin.

Ayrılıq əlindən üz tutum hara?
Payızda üstümə boran, qar gəlir.
Mindiyim maşınlar şütüyür hara
Baxırsan, üstünə bir günü kimi
Ayrılıq adında bir qatar gəlir.

Hər zaman “dərdini alım” deyərdin.
Şəhərdən gələndə tələm-tələsik
Bir gecə yanında qalım deyərdin.
“Ayağın altında ölüm!” deyərdin
Bəs nədən çiynimdə… ölüb gedirsən?

Sentyabr, 2012.

 

  1. Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm

(Nə mutlu türküm deyənə!)

 

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm,

Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.

Bilirəm bağışlamaz tökülən şəhid qanı –

O dastanı unutdum…

Öz yurdumda qaçqınam.

 

Çanaqqala, bağışla, mən Qaladan gəlmişəm,

Qaytar məni Qalaya – qaytar məni Şuşaya.

Çanaqqala – qalamsan! Göndər məni döyüşə!

Bir zamanlar deyirdin: Çanaqqala keçilməz!

Bəs Xocalı, bəs Şuşa

Necə oldu keçildi?!

Kişilərmi əksildi, adamlarmı kiçildi?!

Ümidlər pərən-pərən, ümidlər sınmış şüşə.

 

Çanaqqala, bağışla, hüzuruna gəlmişəm.

Başım boyda günahım suçumdan da böyükdür…

Ürək param-parçadır

Qarabağ göynəyindən.

Hüzuruna gəlmişəm,

Gəl keçir toprağından, gəl keçir köynəyindən.

Ver qələbə dərsini!

Suyundan qat suyuma,

Qanından qat qanıma!

Qalx ayağa, uyuma!

Qoy qaldırım başımı, qoy qarışsın qan tərə!

Mən də deyim son kərə…

Canaqqala, bağışla, mən gedirəm döyüşə,

Mən gedirəm Şuşaya!…

Günahımı yumağa…

 

2015.

 

 

  1. Dəniz yaman şirindir

 

Sərt sular arada çəpərdi bizə.

Vallah ləpələrin suyu bal dadır;

Sənin şirinliyin hopub dənizə,

Dəniz yaman şirindir.

 

…Düşmüsən könlümə, bəxtimə mənim,

Dəniz sularına düşən ay kimi.

Bir gün qapınıza elçi gələndə

Anan verəcəyi şirin çay kimi

Dəniz yaman şirindir.

 

Gəlsən kəndimizə küsülülər də

Bizi qoşa görüb barışacaqdır.

Gəlsən kəndimizə…pətəkdən çıxıb

Arılar üstünə daraşacaqdır.

Dəniz yaman şirindir.

 

Əl çəkmir dənizdən qağayılar da,

Tamı şirinləşib göy ləpələrin.

Bəlkə çəmənlərin, bəlkə dənizin,

Bəlkə heç sənin də yoxdu xəbərin –

Dəniz yaman şirindir.

 

Balıqçı evinə balıq aparır,

Bilmir ki, şorbası şirin dadacaq.

Adamlar hiss etmir bunu doğrusu,

Balıqlar təəccüb eləyir ancaq –

Dəniz yaman şirindir.

 

Bir az şirinləşsin deyə kədərim

Qoy öpüm üzünün ləpələrindən.

İncimə, incimə, qorxuram, gülüm,

Dəniz də çatlasın bu şirinlikdən.

Dəniz yaman şirindir.

 

Soyundun əynindən ləpə donunu,

Nə yaman göynətdi şor sular məni.

Sən canın, bir az da sularda gəl çim,

Aparma dənizin şirinliyini.

Dəniz yaman şirindir.

 

 

  1. Ölümün qardaşlığı

 

Qarabağ savaşında şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova

 

Şəhid olan qardaşı qınamışdı bir zaman,

Tənəli sözlər indi dönüb olub göz dağı.

Sonbeşık qardaşını torpağa tapşırandan

Hər şeydən üstün tutur ölümlə qardaşlığı.

 

Çiyinlərdə tabutun al-qırmızı geyərmi?

Haqq divanı varsa da, sorğu-sual nə gərək?

Şirin can bu torpağın qarışına dəyərmi?

Ölüm eşqi müqəddəs, ölümünüz mübarək!..

 

Qardaşının ruhumu qarışdırar ruhunu,

Durar qan-tər içində, qızıl quştək çırpınar.

Dəfn eyləyib nəfsini, dəf eləyib qorxunu

O, ölümə and içər, o, ölümə tapınar.

 

Sonbeşik qardaşını qınamışdı bir zaman,

Sinəsini göynədir yaratdığı söz dağı.

O indi anlayır ki, həyatın əzabından

Müqəddəsdir, əzəldir ölümün qardaşlığı.

 

 

  1. Şəkilçəkən Şahlara

 

Rəssam dostum Şahlara

 

Şölələndir şamanların şamını,

Şahidisən Şuşadakı şeirimin…

Şəkilləndir,

Şəkilçəkən Şahlarım,

Şəhidlərin Şuşadakı şəklini…

Şərlədilər Şuşadakı şeirimi,

Şərlədilər Şuşadakı şəklini,

Şikəstdir “Şikəstə”miz,

Şikəstdir “Şahnaz”ımız, “Şur”umuz.

Şikəstdir şüurumuz Şuşasız.

Şeytanın şeşpərimi şeşədir?

Şöhrəti şan-şandır, şəkli şüşədir.

Şeytan şərləyibdir şəksiz-şübhəsiz,

Şərlənən şəhərimiz Şuşadır,

Şübhələr şəhəridi,

Şəhri-Şuşadır…

Şəkilçəkən Şahlarım,

Şölələndir şəhidlərin şamını,

Şahlandır Şuşamızın şeirini,

Şuşamızın şəklini…

 

6. Şuşadanmı gəlirsən?

Qarabağ döyüşçüsü, alakollu Ruslan İmanquliyevə həsr olunur

Şuşadanmı gəlirsən,
Azərbaycan əsgəri?..
Qoy öpüm palçıqlı çəkmələrindən,
Yoxsa yağış yağıb Şuşaya dünən?
Nə yaxşı gəlmisən yağışdan çıxıb,
Nə yaxşı gəlmisən savaşdan çıxıb –
Hava günəşlidir Gəncədə bu gün…

 

Sən Div balasısan,
Aslan parçası,
Sən Div oğlusan…
Yüz ildir, min ildir
“Divin canı şüşədədir” – deyirlər,
Otuz il gözlədi o can şüşədə,
Əsir-yesir oldu canım Şuşada…
MEYDAN SULAMISAN şüşədən çıxıb….
Nə yaxşı gəlmisən Şuşadan çıxıb…
Keçib Kəlbəcərdən, keçib Laçından,
Keçib Cəbrayıldan, Ağdamdan keçib
Nə yaxşı Bakıya gəlib çıxmısan…

 

Görüb çəkmələrin Cıdır düzünü,
Qoy öpüm palçıqlı çəkmələrindən…
Yəqin yağış yağıb Şuşaya dünən…
Palçıqlı çəkmənə sürtüm üzümü,
Palçıqlı çəkmənin silim tozunu…
Hava günəşlidir Bakıda bu gün…

 

7. Yeni il qabağı Qalib Toğrulla iyirmi faizlik söhbət

 

Anamı itirdim səksən yaşında…

Əslində O yüz il yaşamaliydı.

Fərqinə varsaq da varmasaq da biz.

Anam nakam getdi Torpaq sarıdan

Ömrü qısa oldu – 20 faiz…

 

Analar hər zaman nakam köcürlər

Agbircək olsa da, gəlin olsa da…

Analar hər yerdə Torpaq kimidir.

Qalibim ağlınız bizə getməsin –

Analar dönyada qonaq kimidir.

 

Səxavət kisəmiz daralıb bir az,

Boyu qısalıbdır mərhəmətin də.

Səxavət mərhəmət torpaq kimidir,

Dadı-duzu qaçıb şan-şöhrətin də.

 

Hami kəsirdədir… İyrimi faiz…

Sevgi məktubları alırmi görən

Sevdiyi oğlandan indiki qızlar?

Fərqinə varsaq da, varmasaq da biz,

İndi sevgilərin ömrü qısalıb

Ölcüsü azalıb – 20 faiz.

 

Küçəyə cıxıram 20 ildir

Bir adam görmürəm ürəkdən gülə…

Kimdi gülüb kecən qabağımızdan…

Bir az gülüşümüz boynu bükükdür,

Sünnət olunmuşuq… dodağımizdan…

Cox da fikir vermə dediklərimə

Bir əlimdə qələm, bir əlimdə biz…

O mənəm imzası yarımçıq şair…

Yarimçıq şairəm – 20 faiz…

 

Sən ki Qarabağdan, Füzulidənsən…

Nə deyim mən sənə Qalib Toğrulum…

Cöllərə düşübdü …çöldü Horadiz….

Bizi bağışlasın Füzuli babam,

Səsi yavaş cıxır füzulilərin,

Səsi alınıbdır… 20 faiz.

 

Vəzifə adamı, iş admısan…

Sən işə gedənsən, işə tələsən.

Dost-düşmən demədin, böldün payını…

Bu işdən baş acmır evdə xanım da,

Hər səhər içdiyin şirin çayının

Üstündən icilir… 20 faiz…

 

Vəzifə gəzirik, iş istəyirik

Kim bilir bəlkə də yoxdu xəbərin.

Baxırsan hər yerdə tutulub artıq

20 faizi vəzifələrin.

 

Sizin tərəflərdən axardı Araz,

Adını qoymuşduq Ayrılıq cayı.

Lili tərtəmizdi, suyu tərtəmiz…

Son illər azalıb Arazin suyu

Deyirlər… nə bilim – 20 faiz…

 

İndi ayrılıq da – 20 faiz…

İndi atəşkəs də – 20 faiz…

Biz bir az qaçqınıq, bir az işsizik,

Küçə avarası, it avarası –

Live a dog’s life – 20 faiz…

 

Hara yazmalıyıq bu boş anları…

Sayı azalıbdır iş verənlərin.

Sayı coxalıbdır işverənlərin…

Sayı azalıbdı sevən kəslərin,

Sayı coxalıbdı boşananların –

20 faiz…

İndi “Segah”ımız o “SEGAH” deyil,

Can dərdi oxunur – 20 faiz.

Oxunur “Qarabağ şikəstəmiz” də,

Zilə cixa bilmir müğənnilərimiz.

Pəsdən oxuyuruq – 20 faiz…

 

Vaqif toy elədi “Xarı bülbül”də,

Toydan yanıqlıyıq, toy adamıyıq…

Mənim söz ustadım Çingiz Əlioğlu

Ad günü kecirdi – sənin yerlindi –

İnan ki yer yoxdu oturmağa da…

“Segah” bayramıydı, Söz bayramıydı…

Gəlmişdi yuz yedən tərcüməçi də.

Kitab paylanırdı, imza atırdı..

Cavan möğənnilər ötürdü dil-dil…

Südabə xanımın gözündən uzaq,

Məclisdə yox idi Südabə xanım –

Məclisdə yox idi Şirazlı xanım…

Segah səslənirdi, çalınırdı ud…

Amma deməliyəm… bağışla, ustad…

Gecə möhtəşəmdi… amma elə bil…

Oxucu az idi – 20 faiz…

 

Nə deyim mən Sənə Qalib Toğrulum…

Qalib doğulsan da qalib deyilsən.

Yarımçıq oxunur O… şikəstəmiz…

Müğənni azalıb…

20 faiz…

 

8. Yulizana!

Bəstəkar Юлизана Кухмазовауа

 

Yalvaraqmı yenə yazı yazana…

Yalqızlığın, yalnızlığın yamandı,

Yoxluğundan yuxularım yarımçıq,

Yalvaraqmı

Yuxuları yaxşılığa yozana…

 

Yulizana!

Yalvardığım yardımı,

Yavərinəm yarımadım yarımdan,

Yürüyümmü, yeriyimmi yanına?

Yulizana, yollanaqmı yaylağa?

Yavərinəm, yaylaqlardı yayınkı…

Yanağına yaraşıqdı yaylığın…

 

Yulizana, yavərindən yayınma…

Yay yağışı yanağını yuyanda,

Yaxşı yapış yapıncıdan, yəhərdən…

Yay yağışı yamacları yuyanda

Yaxşı yapış yaralanmış yavərdən.

 

Yay yağışı yaman yağmış Yaltaya,

Yetişərmi yağan yağış yosuna…

Yulizana, yaralıyam yağışdan…

Yulizana, yavərinin yarasını yusana…

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş