QƏRİBƏ ADAM – III hissə

0 0

Altmış ildir Azərbaycan ədəbiyyatında “Fərhad vəzifəsində” çalışan Seyran Səxavət haqqında əksər oxucuların bilmədikləri barədə…

(Əvvəli burada)

…Bizim bir tanışlığımız da məşhur rəssam Maral Rəhmanzadənin “vasitəsi” ilə olub. Anam və onun həm qohumunun həyat yoldaşı, həm qonşumuz və ən əsası isə anamın yaxın rəfiqəsi olan Maral xalam Füzuliyə getmişdilər. Onlar yanaşı yeriyəndə kənardan çox maraqlı görünürdülər. Anam uca boylu, nəcim, Maral xalam isə dərhal nəzərə çarpacaq dərəcədə gödək və kök qadın idi. Hər ikisi 12 taxta tuman, yaxası düyməli qofta geyinir, başlarına şal örtür, alınlarına qəşbeh bağlayardılar. Füzuli şəhərində Rəssam Maral Rəhmanzadə ilə təsadüfən rastlaşmaqla adi adamların belə marağını çəkən bu qadınlar onun da diqqətini cəlb edirlər. Rəssam onlara yaxınlaşır, salamlaşıb, bir az söhbət etdikdən sonra şəkillərini çəkmək üçün icazə istəyir. Anamgil əvvəl razı olmurlar. Maral xanım:

– Sayad xanım, Maral xanım, mən Bakıdan gəlmişəm, rəssam Maral Rəhmanzadəyəm, – deyə şirin dilini işə salır. – Burada Seyran Səxavətin atası evində, Xanlargildə (yazıçının böyük qardaşı) qonağam. İstəsəniz sonra şəkildən sizin üçün də göndərərəm, gəlib, ya da adm göndərib onlardan götürə bilərsiniz. Sizin geyim formanız mənim çox xoşuma gəlir, bir rəssam kimi mənim üçüm çox maraqlıdır. Xahiş edirəm ki, imtina etməyəsiniz. İcazə verəsiniz şəklinizi çəkim, – deyir.

– Elə bilin ki, o ev mənim qaynım evidir, – deyə Əsgər əminin evini nişan verən, Xanların adını çəkən qadına ürək qızdıran anam həvəslə cavab verir. – Xanlar da, Seyran da mənə öz balam kimi əzizdirlər, qaynımuşaqlarıdır. Bir şəkil çəkmək nədir ki, istədiyin qədər çəkə bilərsən.

Maral Rəhmanzadə biri arıq-uzun, digəri kök-gödək olmaqla qoftalı-tumanlı, şallı-şamaxılı, alnı qəşbehli kənd qadınlarının bir neçə şəklini çəkir. Ayrılanda da deyir ki, şəkli Xanlargildən götürə bilərsiniz.
Bu xəbəri eşidən Maral xalamın həyat yoldaşı, bir az əsəbi olan, Alverdi kişi ağacını götürüb arvadını cəzalandırmaq istəyəndə canını qurtarmaq istəyən Maral xalam bütün günahın anamda olduğunu söyləmişdi. O da aradakı yolu keçib bizə gəlmişdi. Anam atasının doğmaca xalası oğlu olan Alverdiyə izah etdi ki, şəklimizi çəkən qadın Əsgər müəllimin qonağıdı. Bununla da məsələyə xitam verildi.

Sonralar həmin fotolar əsasında Maral Rəhmanzadə bir neçə “Qarabağ qadınları” portreti yaratmışdı. İndi həmin portretlərə müxtəlif kitablarda, o cümlədən dərsliklərdə də rast gəlmək olar.

***

…Seyran Səxavətlə növbəti tanışlığımız Füzuli şəhərində olub.
…Atamın avtomobil qəzasında həlak olmasından cəmi bir il sonra Əsgər əmi də vəfat etdi. Bütün Yağlıvənd Füzuli şəhərinə axışdı.

Gənc ömrümdə ilk dəfə 21 yaşım olanda dünyanı cavan yaşlarında tərk edən dayım və Yağlıvənd kənd orta məktəbində tarix müəllimim olan Şəmil müəllimin dəfnində izdiham görmüşdüm. Şəmil müəllimin evindən Seyrangilin evləri ilə üzbəüz olan qəbristanlığa qədər dəfn karvanını sızıltılı musiqi və Qarabağın məşhur xanəndələrindən olan Allahyar Əliyevin ürəkparçalayan qəmli səsi müşayiət etmişdi.

İkinci izdihamı ondan bir il sonra atam vəfat edəndə gördüm. Ondan da bir il sonra Yağlıvənd daha bir izdihamlı dəfn mərasiminin şahidi oldu. Bu, cavan yazıçı Seyran Səxavətin atası, el arasında hörməti hələ oğlunun yazıçılığından çox-çox qabaq qazanmış Əsgər əminin dəfni idi. Muradxanlı tayfasının ağsaqqallarından biri, elimizdə məşhur olan Xanəhməd oğlu Fəmilin bizim evin altında dəfn karvanını dayandırıb, qiyyə çəkərək tükürpədici bayatı deməsini yəqin ki, yaşlı yağlıvəndlilərin çoxu xatırlayar. Bundan cəmi iki ilsonra qoynumuzda-qucağımızda bəslədiyimiz düşmən bizə xəyanət etdi, Qarabağ hadisələri başladı və… ölüm ucuzlaşdı… və… gəncləşdi…

Seyran Səxavətin də, mənim də yaxın qohumumuz və məndən iki yaş böyük olan Əlisəfa Quliyev (Uzun müddət məcburi köçkün kimi Hacıqabul rayonunda yaşayıb, bir neçə il bundan əvvəl Sabirabad ərazisində yeni şəhərciyə köçüblər. Füzuli rayonu və Yağlıvənd kəndi işğaldan azad olunsa da hələ geriyə köçürülmə olmadığına, yollar bağlı olduğuna görə nə zaman qayıdacaqlarını gözləyirlər.) mənə təklif etdi ki, Əsgər əminin yasına biz də gedək. Yəni şəhərə, Füzuliyə. Getdik, amma biz bir az gec, camaat dağılandan sonra getdik. Seyran müəllim və Bakıdan gəlmiş bir neçə tanınmış və hörmətli yazıçı və şair bağda qoyulmuş iri masa ətrafında çay içirdilər. Qucaqlaşıb görüşdükdən, bizim başsağlığı “dil-ağız”ımızı dinlədikdən sonra bizi Bakıdan gələn hörmətli qonaqlara təqdim etdi. Açığı biz də çox sevindik ki, belə adamlarla bir süfrədə əyləşib çay içirik. Sonra Seyran müəllim bizdən hal-əhval tutmağa başladı. Biləndə ki, mən universiteti bitirib təyinatla Şuşaya getmişəm və hazırda da orada işləyirəm, bir az da yazı-pozu ilə məşğul oluram, çox sevindi.

Dedi:
– Şuşada Əli Mahmud var, tanıyırsan onu?
– Bəli (Əli müəllim o zaman “Şuşa” qəzetinin redaktor müavini idi).
– Şuşaya qayıdanda gedərsən onun yanına, deyərsən ki, mən Seyranın əmisi oğluyam. Sonrası ilə sənin işin yoxdu, nə lazımdı o özü edəcək. Yaxşımı?
Susduğumu görüb, bir də soruşdu:
– Yaxşımı, əmi oğlu?
– Yox! – kobud cavab verdim.
O, təəccüblə əvvəl mənim, sonra da qonaqların üzünə baxdı, üzünü mənə çevirdi:
– O nə deməkdi, niyə?
– Əli Mahmudun bir işi olanda məndən xahiş eləyir! – mən əlbəttə, zarafat edirdim.
Qonaqlar da, Seyran da əslində yas yerində olduğumuzu unudub qəhqəhə çəkdilər.
– Əmi oğlu, yenə Bəxtiyar Vahabzadənin yanına desəydin getmək olardı, yoxsa… – Əlisəfa söhbətə qoşuldu.
– Əmi oğlu, bizim özümüzü Bəxtiyar Vahabzadəyə tapşıran lazımdı, – bunu da qonaqlardan biri dedi.

Yenə gülüşdülər.
– Gördünüz? – Seyran müəllim üzünü Bakıdan gələnlərə tutdu, – bax bu, Yağlıvənd deməkdi. Özü də hələ bu Yağlıvəndin ən sakit cavanlarıdı. Hələ yolunuz kəndimizə düşsə nələr görərsiniz…

***
“…– Əslində heç kim xalq üçün yazmır. Yalandan xalqın boynuna minnət qoyurlar. Yazıçı da, rəssam da minnət qoyur. Xanəndə deyir ki, 60 il bu xalqa qulluq eləmişəm. Mahnı oxuyub, pulunu almısan də (gülür). Mənim yaxşı bir eqoizmim var. Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. Xırda-xuruş nə yaradıcılığım varsa, mən elə bil “şvetski” stol açmaqla əslində özümə xidmət etmişəm. Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib…” – Seyran Səxavət bu sözləri düz beş il bundan qabaq deyib. Yəni beş il əvvəlki yubiley günlərində, 70 yaşının tamam olmasına bir neçə gün qalmış. Bunu oxuyandan sonra yazıçını lap uşaq vaxtlarından tanıyan bir adam kimi yuxarıda adını çəkdiyim Arzuman Kərimliyə müraciət etmişdim:

– Aranızda cəmi 3 yaş fərq var. Seyran Səxavətin bütün həyatı, yaradıcılığı gözünün önünə keçib. Səncə doğrudanmı, o bir yazıçı kimi xalqa qulluq etməyib?
Cavab belə oldu:
– Hər işə, hər sözə müxtəlif məna vermək olar. Bütövlükdə əgər yazıçı ədəbiyyata, indiki halda Azərbaycan ədəbiyyatına xidmət edirsə, deməli həm də Azərbaycan ədəbiyyatının məxsus olduğu Azərbaycan xalqına xidmət edir. Amma konkret Seyrandan bir şair kimi danışsaq, onun şairliyindən indiki nəsillərin xəbəri olmasa da, bizim vaxtımızda, yəni Seyranın şair vaxtlarında cavan qızlar, oğlanlar onun şeirlərini qəzetlərdən kəsib özləri ilə gəzdirirdilər… Əzbər bilirdilər…

Bu yaxınlarda, yəni hazırda oxuduğunuz “Qəribə adam” yazısı üzərində işlədiyim günlərdə kəndimizin bu silsiləni saytımızda oxuyan hörmətli ziyalılarından biri, inşaatçı mühəndis İlyas Hüseynov söylədi ki, Seyran elə uşaqlığından, gəncliyindən xeyirxah adam olub və elə o vaxtlardan da xalqa qulluq eləyib. Sonra da gülə-gülə dedi:

– Kəndimizdə “yelsabed”i də (biz o vaxt velosipedin adını belə deyirdik) ilk dəfə Seyranda görmüşəm. Gələcəyin məşhur yazıçısı Seyran Səxavət mənim böyük qardaşım, gələcəyin mühaəndisi Eyvazla, gələcəyin yaxşı kimya müəllimi Bəylərlə, fizika müəllimi Ağayarla 10-cu sinifdə oxuyanda mən 2-ci sinifdə oxuyurdum. Seyran bizi (balaca uşaqları) növbə ilə yıxılmayaq deyə qollarının arasında velosipedin qabaq tərəfində oturdub bir-bir gəzdirirdi. İstəyirdi ki, kənardan baxan bütün balacalar kamına çatsın, gözünün qurdunu öldürsün. Hətta o bizi o qədər gəzdirirdi ki, bəzən velosipedin dəmiri qılçalarımızı yara edirdi. Nənələrimiz səhəri gün məktəbə davaya gəlirdilər. Çünki biz çətin yeriyirdik…

***
Tanışlığımız davam etdi. Seyran Səxavətin onlarla şeirini oxudum. 1962-ci ildə, onun 16 yaşı olanda çap edilmiş ilk şeirindən tutmuş məşhur şeirlərinədək… Bəzilərini hətta əzbərlədim də…
Sonra “Hamı elə bilirdi”dən başlayaraq hekayələrini oxudum. Onun müstəqilliyimizin bərpa olunmasından əvvəl yazdığı, yəni Azərbaycan Sovet ədəbiyyatına məxsus olan sonuncu hekayəsi 1987-ci ildə qələmə aldığı “Qaçay müəllim” hekayəsidir. Seyran müəllimin yaradıcılığına bələd olanların bu hekayədən də xəbəri var təbii ki…
Bu əsərin də əsas qəhrəmanları mənim qohumlarımdır. Əsas qəhrəman Qaçay müəllim yuxarıda qeyd etdiyim kimi, dayım (anamın doğmaca əmisi oğlu), onun “işpionluğundan” şübhələnən Qoruqçu Şükür isə anamın (həm də Qaçay müəllimin) əmisidi (atasının doğmaca əmisi oğludur). Qoruqçu Şükürə bir az dəli-dolu xasiyyəti olduğuna görə həm də Dəli Şükür deyirmişlər. Həmin hekayə çap olunub yayılandan, xüsusilə də bizim kənddə məlum olandan sonra oxucuların həm xoşuna gəlmişdi, həm də gəlməmişdi. Gəlməyinin səbəbi aydındır – hekayə əladır, ləzzətlə oxuyursan. Gəlməməyinin səbəbidə aydındır – kiminsə əsərin qayəsini tam dərk edə bilməməsi mümkün haldır.

Hekayədən inciyənlərdən biri də Dəli Şükürün – Qoruqçu Şükürün qızı, indi artıq rəhmətlik Bayaz xalam olur. Atasının bu şəkildə qələmə verilməsi onun bərk xətrinə dəymişdi. Amma artıq iş-işdən keçmişdi, kitab da çıxmış, camaat da oxumuşdu.
Qaçay müəllimin böyük qardaşı rəhmətlik Vətən Əliyev Yağlıvənd və qonşu Qaraməmmədli kəndlərini əhatə edən “Ukrayna” sovxozunun baş mühasibi idi. Bir gün Bayaz xalam baş mühasibin sovxozun idarəsindəki kabinetinin pəncərəsini tıqqıldadır. Başını qaldıran əmisi oğluna (ataları əmioğlu idi) işarə edir ki, çölə çıx. Baş mühasib onu içəri dəvət edir ki, əmi qızı, gəl içəri, sözünü de. Əmiqızı içəri girmir, təkid edir ki, əmioğlu çıxsın. Əmioğlu onun xətrinə dəymək istəmir. Durub çıxır çölə. Bayaz xalam onun qoluna girib idarədən xeyli aralayıb, bağdakı ağacların birinin altına çəkir. Ağzını Vətən müəllimin qulağına yaxınlaşdırıb deyir:
– Əmi oğlu, qağamın adı yazılan varağı cırdım!
Baş mühasib söhbətin nədən getdiyini göydə tutub deyir:
– Lap yaxşı eləmisən, əlinin də içindən gəlib. Heç kim sənə heç nə eləyə bilməz. Durmuşam arxanda dağ kimi, gəl bəri.
Bəli, Bayaz xalam Seyran Səxavətin kitabındakı “Qaçay müəllim” hekayəsində adı çəkilən Qoruqçu Şükürə aid vərəqləri cırıb atmış, bununla da yazıçıdan acığını çıxmışdı.

Kərim Kərimli

(Ardı var)

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş