Kərim Kərimlinin “Bağrıqan” romanından parçalar – IV hissə

0 0

“Azad Şuşa” yazıçı Kərim Kərimlinin bu yaxınlarda işıq üzü görəcək “Bağrıqan” romanından dördüncü parçanı təqdim edir.

(Əvvəli burada)

…Sanki yenə gözləri yaşardı. Sol əlini güclə cibindən çıxardıb gözlərini silib açdı. Hamı tərpənməz vəziyyətdə özünü sıxıb durmuş, küləkdən-çovğundan qorunmağa çalışaraq başlarını bir-birinin arxasında gizlətmişdi. Mollaya kimin qulaq asıb, kimin asmadığı bilinmirdi. Molla isə ona kiminsə qulaq kəsilib-kəsilmədiyinə fikir vermədən öz işində idi, elə bil acıq verirdi: “Ləş-şəmsu yənbəği ləha ən tudrikəl-qəmərə vələl-ləylu sabiqun-nəhar, və kullun fi fələkin yəsbəhun…”

Şair başını qaldırıb gözünə qar dolmasına baxmayaraq göyə baxdı. Günəş nə gəzirdi… Aydan da heç danışmağa dəyməzdi. Ümumiyyətlə, gündüz və ya gecə olduğunu, gündüzdürsə günün hansı vaxtı olduğunu demək çox çətin idi.

Dostunun anası ötən gün günortadan sonra keçinmişdi. Həmin gün çatdırıb dəfn edə bilməmişdilər. Əvvəla qış olduğuna görə axşam tez düşəcəkdi, bunu bilirdilər. Lakin hər halda ora-bura molla dalınca adam qaçırtsalar da hamısı əliboş qayıtmışdı. Qəbri də qazıb qurtara bilməmişdilər. Ehsan süfrəsi üçün bəzi ərzaq tədarükündən başqa digər hazırlıq işlərini də axıra çatdırmaq mümkün olmamışdı. Ona görə də əlacsız qalıb meyiti basdırmamış, işi sabaha saxlamışdılar. Bir də ümid etmişdilər ki, bəlkə sabah hava bir az düzəldi. Namərd hava isə düzəlmək əvəzinə daha da pisləşmiş, daha da betər olmuş, qudurmuşdu.

Öz yurdlarında isə heç vaxt belə əlacsız vəziyyətə düşməzdilər. Şuşada, ümumiyyətlə, kimsə dünyasını dəyişəndə heç ölü yiyəsinin xəbəri də olmazdı ki, mağarı kim tikdi, işığı kim çəkdi, stolları kim düzdü, yuad evini kim qurdu, çayı kim qaynatdı, halvanı kim çaldı, qəbri kim qazdı, mollanı kim gətirdi, qış vaxtı olanda sobanı kim quraşdırdı, odunu kim doğradı… Qonum-qonşu, qohum-əqrəba tökülüşüb elə hərəkət edərdi ki, bir də görərdilər hər şey hazırdı…

Şuşada yas yerlərində məzəli əhvalatlar da baş verirdi hətta. Şəhərdə hamının sevimlisi olan Çaçan heç yas yerlərində də zarafatından, lağ-lağısından qalmazdı. Çaçanın əsil adı Çahargah idi. Bu qəribə adı ailədə yeganə oğul övladına muğam dəlisi olan atası qoymuşdu. Amma elə körpə vaxtlarından onu “Çaçan” deyə oxşayıb əzizləmişdilər deyə adı da Çaçan qalmışdı. Heç şəhərdə bəzi adamlar Çaçanın sənəddəki adının Çahargah olduğunu bilmirdi də. Amma Çaçan hamını tanıyırdı, hamının xasiyyətinə, necə deyərlər, cikinə-bikinə bələd idi. Özü də hamı ilə zarafat edirdi. Onun bütün hərəkətlərini, zarafatlarını hamı qəbul edir, ondan heç kim incimirdi.

Bir dəfə Şairgilin məhləsində ağsaqqallardan biri vəfat etmişdi. Qonum-qonşu, qohum-əqraba, rəhmətliyin oğlanlarının tay-tuşları tökülüşüb əl iyi kimi işləmiş, gözümü açım saatda mağarı tikib qurtarmış, hər şeyi hazır eləmişdilər. Cavanlar işlərini qurtarıb bir kənara çəkilib xısın-xısın danışır, yaşlı adamlar təzə mağarın bir tərəfində əyləşib müştüklərini tüstülədə-tüstülədə dərdləşirdilər. Böyük yas mağarının yanında daha iki xırda mağar – koma qurmuşdular. Ön tərəfdəki çayxana idi. Burada iri smovarlara od salıb çay qaynadırdılar. Cavanlardan biri stəkan-nəlbəkini qaynar su ilə yuyub-durulayır, iki yeniyetmə də əllərində stəkan məhrəbası səliqə ilə silib-qurudur və çayçı masasının üstündəki padnoslara düzürdülər. Arxadakına isə bir neft çırağı yandırıb qoymuş, qapalağını sallamışdılar. Bir azdan burada mərhumu yuyacaqdılar.

Elə bu vaxt məhəllənin daş döşənmiş dar-döngə küçəsi ilə bir maşının sürətlə gəldityini gördülər. “Bu niyə belə sürür?” – deyə hamı təəccüblə bir-birinə baxdı. Sükan arxasında Çaçanı görənlərin istər-istəməz dodağı qaçdı: “Genə gəlib bir pox qaynadacaq” – deyə pıçıldaşmağa başladılar. Həmin vaxtlar Çaçan şəhərdəki təmirlə, tikinti ilə məşğul olan müəssisələrdən birinin el arasında “alabaş”, “bir qapılı”, “tək qapı” adlanan “KAvZ” markalı fəhlə avtobusunun sürücüsü işləyirdi. O qəfil əyləci basaraq kəskin bir hərəkətlə avtobusu saxladı. Qıvraq atılıb yerə düşdü. Hamının bir-birini tanıdığı bu balaca şəhərdə artıq uşaqdan-böyüyə bütün əhalinin xəbər tutduğu bu hadisəni guya eşitnməyibmiş kimi çox böyük “həyəcanla” yas mağarının girəcəyində qoyulmuş iri masanın arxasında oturub başını əlləri arasına alaraq qəm dəryasına qərq olmuş, dərin fikrə getmiş Şahin müəllimə, mərhumun böyük oğluna yaxınlaşdı. Elə həmin “həyəcanla”, dili topuq “vura-vura” soruşdu:

– Şahin müəllim, nə olub? Xeyirdimi? Bu nə mağardı belə?

– Çaçan, cəhənnəm ol burdan! – Çaçanı hamıdan yaxşı tanıyan, məqsədini də göydə anlayan, heç özü də az aşın duzu olmayan Şahin müəllim başını ehmalca qaldırıb, qəzəblə, lakin pıçıltı ilə cavab verdi.

Çaçan özünü o yerə qoymadı:

– Sən ölənlərinin goru nə məsələdi, nə olub? – deyə Şahin müəllimin meyiti hələ soyumamış ölüsünün gorunu siftə eləyərək bir addım da ona yaxın gəldi. – Niyə belə bikefsən?

– Ə, sən nə qanmaz adamsan! – Şahin müəllim səsini bir az qaldırdı. – Bilmirsən nə olub? Dədəm ölüb də!

– Yox, ay toba, bilmirəm. Nə bilim, hardan bilim? – Çaçan az qala müəllimi ittiham edərək cavab verdi. – Malbəyli-Quşçulara obyektə fəhlə aparmışdım, orda məktəb tikirlər axı, elə indicə gəlirəm, – sözlərinin ciddi olduğuna inam yaratmaq üçün əlüstü bir gop əlavə elədi. – Allah rəhmət eləsin! Axır qəminiz olsun! Aydındı, – deyə mızıldanaraq ətrafa boylandı. Elə bu zaman sanki təəccüblü bir şey görübmüş kimi bir az canlanıb, yas mağarının arxa tərəfində yarısı görünən yaylaq alaçığına oxşayan yuad evinə işarə ilə lap avam adam kimi sadəlövh görkəmdə soroşdu:

– Bəs bu nə mağarıdı?

Müəllim yenə başını qaldırıb təəccüblə onun üzünə baxdı:

– Hansı?

– Budey bu, – Çaçan əlini içində çıraq yanan komaya uzatdı.

– Bilmirsən nədi? – Şahin müəllim Çaçanın məzələndiyini bilə-bilə sanki onun cazibəsindən çıxa bilməyərək davam etdi. – Yuad evidir də, “tupoy”, a “tupoy”, meyiti yuyacaqlar orada.

Çaçanın ağzının bir tərəfindəki bircə qızıl dişi göründü:

– Əşi niyə belə əziyyət çəkirsiniz, meyiti atın “alabaşın” dalına, aparım avtobazanın “moyka”sında on dəqiqəyə yudurdum gətirim…

Özünü gülməkdən saxlaya bilməyən cavanların hərəsi qaçıb bir tərəfdə gizlənmişdi.

Əgər meyit götürüləndə hələ günün birinci yarısı olduğunu xatırlamasaydı, Şair hesab edərdi ki, artıq axşam düşüb. Rəhmətliyin yaşadığı düşərgədən də qəbiristanlığacan o qədər də uzaq olmadığını və əzəmətli, dəli, azğın Bakı küləyinin sayəsində təzəcə qazılmış məzarın yanına demək olar ki, qaça-qaça gəldiklərini də nəzərə almasaydı, indi hələ günorta olduğunu bilməzdi.

“Onda da belə idi, eynilə indiki kimi… Günün hansı vaxtı olduğunu müəyyən etmək çətin idi”, – Şair qovuşan kipriklərinin arasında yox olan axırıncı işartıdan sonra gələn qaranlığa dalaraq fikrə getdi.

***   ***   ***

…O, Qənbər Qənbərlinin könüllü müdafiə dəstəsinə qoşulmuşdu. Daha doğrusu, dəstəni yaradan üç-dörd nəfərdən biri idi. Öz aralarında əvvəlcədən razılaşaraq Qənbəri komandir seçmiş, qalan iki yoldaş isə hərəsi bir sahə üzrə onun müavini olmuşdu. Sonralar dəstə getdikcə həm Şuşanın özündən olan, həm də başqa rayonlardan gələn könüllülər hesabına böyümüş və batalyona çevrilmişdi.

Həmin gün Şair batalyonun komandir müavini kimi Mövlud Oğuzlunun komandir olduğu digər batalyonun yerləşdiyi yataqxanaya iş dalınca getmişdi.

Həmin yataqxana və yolun o biri tayındakı nəhəng məktəb binası ona həm yaxşı tanış, həm də əziz və doğma idi. Şair orta məktəbi burada oxumuş və çox yüksək nəticələrlə bitirmişdi.  Yolun sağındakı nəhəng binada onların məktəbi, üçüncü mərtəbənin sonunda isə yataqxanaları yerləşirdi. Mövlud Oğuzlunun batalyonu yerləşən bu qədim bina isə onların yaddaşında “qızlar yataqxanası” kimi qalmışdı…

Qapıda duran silahlı növbətçi onu gətirən avtomobili içəri buraxmamış, sürücüdən parol tələb etmiş və maşının yoxlanacağını söyləmişdi.

…Şair maşından atılıb yerə düşərək növbətçiyə yaxınlaşanda gözlərinə inanmadı.

Növbətçi bir addım geriyə həsləyərək dedi:

– Dayanın, yaxına gəlsəniz, atəş açacağam!

– Qoşqar?! – Şair həyəcan, heyrət, sevinc və fərəh dolu səslə bağırdı.

– Əmi, xidmət zamanı mən səni tanımıram. İcazəsiz də içəri buraxa bilmərəm, incimə.

– İncimək nədir?! Nə danışırsan?! Sənə təşəkkür etmək lazımdır, – gülə-gülə cavab verdi. – Ancaq işim tələsikdir, Mövlud Oğuzluya – şəxsən özünə vacib söz deməliyəm. İçəriyə xəbər ver, ya özü çıxsın, ya da icazə versin məni içəri buraxın!

Sevincindən az qalırdı ki, çırtıq çalıb oynasın. Könüllü dəstələr yaranandan bəri ən böyük problem məhz lazımi nizam-intizamın yaradılması idi. Müharibəyə könüllü gəlmiş şəxslər bir çox hallarda tabeçiliyi qəbul edə bilmir, nizam-intizama uyğunlaşmaq istəmirdilər. Deyəsən yavaş-yavaş ciddi qayda-qanun yaranırdı.

Bir neçə dəqiqədən sonra uca boylu, yaraşıqlı, səliqəli, həmişə sünbülündən su daman “Gəray bəy” qapıda göründü.

Şuşaya başqa rayondan öz dəstəsi ilə könüllü gəlmiş Mövlud Oğuzluya Şair həmişə zarafatla “Gəray bəy” deyə müraciət edirdi. Zahirən məşhur “Yeddi oğul istərəm” filmində Həsən Turabovun canlandırdığı Gəray bəy personajına oxşarlığı olan Mövlud yaxşı mənada Vətəni qorumaq üçün buraya toplaşanların əksəriyyətindən fərqlənirdi. O, vasvası dərəcəsində səliqəli adam idi. Başının qabağının və ortasının tükü xeyli tökülmüş olsa da, saçı daim səliqə ilə vurulmuş və daranmış, üzü tərtəmiz qırxılmış olurdı. Könüllü döyüşçülərin əksəriyyətinin saqqal saxladığı vaxtlarda onun bu xüsusiyyəti dərhal gözə çarpırdı. Ağzının kənarlarından düz bucaq altında sınaraq azacıq aşağıya uzanan qapqara şəvə kimi bığları onun qarabəniz olsa da, işıqlı çöhrəsinə xüsusi yaraşıq verirdi. Çox vaxt nə barədəsə düşünəndə, yaxud başqa həmkarları ilə nəyisə müzakirə edəndə iki barmağı ilə bığının ucundan tutub fikirli-fikirli sağa-sola bururdu. Oğuzlunun daima səliqəli, təmiz və ütülü olan hərbi paltarının boyunluğundakı tikməni hələ kirlənmiş görən olmamışdı. Boyunluq ətraf dağların başındakı çalma kimi həmişə ağappaq olurdu. Çəkmələrinin qara parıltısı isə adamın gözünü aralıdan qamaşdırırdı. Bu səliqə-səhman, dözülməz şəraitdə mövcud olan bu təmizkarlıq ona qarşı hamıda rəğbət oyadırdı. Onu adətən əsgərlərə bir nümunə kimi göstərirdilər. Ancaq Mövlud Oğuzluya rəğbət gətirən, ona nüfuz qazandıran təkcə bu vasvası təmizkarlığı, səliqə-səhmanı, zahiri yaraşığı deyildi. O əsil komandir idi. Texnikadan başı çıxır, hərbi nizamnamələrdən, qanun-qaydadan xəbərdar idi. Özünə və tabeliyindəkilərə olduqca tələbkar yanaşırdı. Yerləşdikləri yataqxanada ciddi rejim, hərbi nizam-intizam yaratmışdı. Onu fərqləndirən xüsusiyyətlərdən biri də həmişə əsgərlərin ərzağının israf edilməsinə, silah-sursatın havayı yerə işlədilməsinə, ehtiyac olmadan korlanmasına qarşı çıxması, şəxsi heyətin siyahısındakı hər bir şəxsin üstündə yarpaq kimi əsməsi, hamını öz balası kimi qorumağa çalışması idi.

Şairin də ona böyük hörməti vardı. Onunla həmişə zarafat edir, deyib-gülür, yumorla, obrazlı ifadələrlə danışırdı. Mövlud Oğuzlu da Azərbaycan ədəbiyyatı və milli mədəniyyətini dərindən bilən, demək olar ki, çox vaxt obrazların, personajların dili ilə danışan, adı da Şair olan bu sinədəftər cavan şairə rəğbət və hörmətlə yanaşırdı.

– Görürsünüzmü, cənab baş leytenant, hərbi hissədə əsgəri nizam-intizamı necə yaratmaq lazımdır? – Oğuzlu qapıda dayanan növbətçi əsgərin hətta öz əmisini belə icazəsiz içəri buraxmamasına işarə vuraraq, hələ darvaza açılmamış o tərəfdən uca səslə dedi. – Nə qədər gec deyil, gəlin, baxın, öyrənin. Bir də görəcəksiniz mən artıq qərargahımı Xankəndinə köçürtmüşəm və daha əliniz çatmır!

– Uzatma, bəy! – Şair də dərhal Oğuzluya həmişə “Gəray bəy” dediyini xatırladaraq zarafata keçdi. – Əsgərlərinə de, məsələni çürütsünlər. Qapını açıb ya məni içəri buraxsınlar, ya da səni çölə…

Gülüşdülər.

İdmançı kimi sorağı hələ müharibə başlamamışdan qabaq öz dogma rayonlarının hüdudlarını aşaraq bütün respublikada tanınan uca boylu Mövlud Oğuzlu bəstəboy şairi qucaqlayıb bağrına basdı:

– Gedək içəridə danışaq, bura soyuqdur, – həyətə buşlatsız çıxan Oğuzlu Şairin qoluna girdi. – Görürsən mənim əsgərimi? – başı ilə əmisini komandirinin bu cür mehribanlıqla qarşılamasından fərəhlənib onlara fəxrlə baxan növbətçi əsgər Qoşqar Atlıya işarə elədi. – İstəyirəm biləsən ki, burada ona münasibət heç də tamamilə sənə görə deyil, özü hörmət qazanmağı bacarır.

– Mən də istəyirdim sənə deyim, – Şair ciddiləşdi, – mənə görə ona tez-tez güzəştə gedib ərkavın eləməyəsiniz…

– Ərkavın nədir? – Oğuzlu onun sözünü kəsib qımışa-qımışa üzünə baxdı.

– Nə qədər ki, qərargahı Xankəndinə köçürtməmisən, həftədə-ayda bir-iki dəfə toplaşın gəlim sizə dərs keçim, ana dili dərsi, türk dili dərsi, – deyə şair də eyni yumorla cavab verdi. – Sizin incə-mincə tonla “ərköyün” dediyiniz söz türkün dilində “ərkavın”dır.

Mövlud da ondan qalmaz idi:

– Mən türk deyiləm, mən oğuzam, yəni türkün babası! – deyə Şairi qucaqladı.

Yenə də gülüşdülər.

– İndi isə keçək əsas məsələyə. Məni bura Qənbər Qənbərli göndərib, – deyə Şair Oğuzlunun açdığı qapıdan içəri keçdi. Oğuzlu da onun ardınca daxil olub qapını örtdü.

Görüşdən və söhbətdən sonra Mövlud Oğuzlu onu qapıda qarşıladığı kimi qapıya qədər də ötürdü.

Şair darvazanın çölündə dayanmış qardaşıoğluna yaxınlaşıb onu qucaqladı, alnından öpdü.

– Sağ ol! – dedi. – Çox sağ ol. Amma, sən geri qayıtmalısan. Mən heç bir hərəkət edə bilmirəm, fikrim-zikrim qalır sənin yanında.

– Əmi! – Qoşqar gözlənilmədən çox kəskin cavab verdi. – Mən heç hara gedən deyiləm!

– Qoşqar!..

Şair sözünü tamamlaya bilmədi. Gözü Qoşqarın çiyni üstündən arxa tərəfdə bir dəstə adama sataşdı. Sözlərini unudub gözlərini o adamlara zillədi. Qoşqar da arxaya çevrilib onun baxdığı istiqamətə baxmağa başladı.

Qabaqda gələnlərin çiyinlərində tabut var idi. Yer buz bağlasa da, adamlar çox sürətlə irəliləyirdi. Sanki bu soyuqda tələm-tələsik, qaçaraq ölünü qəbiristana çatdırıb, çaparaq da qayıtmaq istəyirdilər. Şairin ürəyindən bir gizilti keçdi. Vaxt var idi, bu şəhərdə hətta qoca adam vəfat edəndə dəfnə gedən insanların sayı-hesabı bilinməzdi. Karvanın qabağı qəbristanlığın darvazasına çatıb öndə gedən mollanın komandası ilə ayaq saxlayıb onun dua verməsilə salavat çevirəndə arxası hələ şəhərdən üzülməmiş olardı. İndi isə meyiti qəbristanlığa “üç cüt bir tək” adam qaça-qaça aparırdı. Onun gözlərinin qarşısında qəbiristanlığa tabut aparan və soyuğa davam gətirməyərək çox sürətlə hərəkət edən dəstədə heç iyirmi nəfər yox idi.

Dəstə gəlib onların tuşuna çatdı. Tabutdan yapışanların biri Qulu müəllim idi. O, elə zülüm-zülüm, elə sitildəyə-sitildəyə ağlayırdı, tabutun altında elə məhv olmuşdu ki, qanlı görsə, qan ağlayardı. O biri adamların da əksəriyyəti elə o vəziyyətdə idi.

(Ardı var)

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş