Xocalı – vəhşi əsrin vəhşi əsəri

0 0

Xatın, Xirosima, Xolokost, Xoca-Arık, Xocalı…

(Əvvəli burada)

Xocalı faciəsi haqqında ötən 29 il ərzində xeyli danışılıb və xeyli də yazılıb. Hətta “xeyli” sözü burada yerinə düşmür. O qədər yazılıb və oqədər də danışılıb ki, bunu hansısa miqdar vahidi ilə ifadə etmək də mümkün deyil. Ancaq çox-çox təəssüf ki, bu “çoxluğ”un böyük çoxluğu, əsas çoxluğu sadəcə bir-birini təkrar edən adi söz-söhbətdən başqa bir şey deyil.

Bundan sonra da bu barədə danışılanların və yazılanların əksəriyyəti mənasız söhbətlərdən, boşboğazlıqdan başqa bir şey olmayacaq. Təəssüf ki, tutarlı iş görməli olanların çoxu öz işini görmür, təəssüf ki, bir çox hallarda əsas məsələ bir kənarda qalır və əksəriyyət yalnız palanı döyəcləyərək onun tozunu, yalnız tozunu çırpmaqla məşğul olur.

Xocalının, xocalıların faciəsi təkcə Xocalının, xocalıların faciəsi deyil. Bu, təkcə Azərbaycanın və azərbaycanlıların da faciəsideyil. Xocalı faciəsi, Xocalının faciəsi, xocalıların faciəsi bəşəriyyətin faciəsidi və bəşəriyyətə qarşı faciədir, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. O cümlədən erməni xalqının faciəsidir. Bəli, Xocalı faciəsi həm Ermənistanın, həm də Qarabağ ermənilərinin faciəsidir. Yəni, Xocalı faciəsi həm də erməni xalqının faciəsidir və həm də erməni xalqına qarşı onların öz əlilə, öz millətlərinə mənsub olan qaniçən canilərin əli ilə törəduilmiş, onların təxribatçı və terrorçu liderlərinin törətdiyi, törədilməsində iştirak etdiyi bir misilsiz dərəcədə ağır faciədir, dəhşətli bir cinayətdir.

Azərbaycan xalqının hər bir nümayəndəsi ayrı-ayrılıqda və bütövlükdə bütün xalqımız Xocalı faciəsini öz şəxsi faciəsi kimi qəbul edir, yaşayır, onu törədənləri daim lənətləyir, onların hazırda sağ olanlarından göz qabağında olanlarını da, hələ istintaqa məlum olmayanlarını da tezliklə aşkarlanaraq, ifşa edilərək, məsuliyyətə cəlb edilməsini və cəzalandırılmasını tələb eləyir. Ancaq bu günədək görülən işlər, hazırda ortada olan, ən azı ictimaiyyətə məlum olan nəticələr və işin hazırkı gedişatı onu deməyə əsas verir ki, bu, tezliklə baş verməyəcək.

12 il bundan əvvəl bir kitaba yazdığım “Ön söz”də bu fikirləri “Ancaq mən əminəm ki, bu, tezliklə baş verməyəcək” kimi qeyd etmişdim. Lakin, 12 ildən sonra yazdığım yeni yazıda bu qətiyyətdən bir qədər geri çəkilərək eyni fikri yuxarıdakı kimi ifadə etməyə üstünlük verdim. Çünki, bu gün əminəm ki, daha qıətiyyətlə, daha hüquqi yolla və daha çox, – nəqədər qəribə səslənsə də, – demokratik yol və üsullarla hərəkət etsək daha əhəmiyyətli nəticələrə nail ola bilərik. Ancaq bu günkü real vəziyyət hələlik onu deyir ki, Xocalı qatilləri azadlıqdadır və bir çoxu hələ də meydan sulayır.

                                         Xocalı cani və qatillərindən bir qrupu

Ötən 29 illik müddət və bu zaman kəsiyində baş verən hadisələr və gedən proseslər sübut edir ki, bu cinayətin “üstünün açılması” nə qədər tez və asan başa gələ bilərsə, cinayətkarların hüquqi məsuliyyətə cəlb edilərək Ədalət məhkəməsinə çıxarılması da o qədər çətin olacaq. Lakin, onu tam qətiyyətlə deyə bilərik ki, bu tamamilə mümkündür!

Onu da qeyd edim ki, hələ də “Xocalıda kütləvi qırğın olmayıb!”, “Bizim bundan xəbərimiz yoxdur, qırğını azərbaycanlılar özləri törədib!”, “Dinc əhalinin salamat çıxması üçün dəhliz verilmişdi” kimi mənasız şüarlar səsləndirən, haray-həşir salan ermənilər də əslində yalnış yoldadırlar və bu səhvi düz 29 ildir ki, davam etdirirlər. Burada illərlə təkrar etdiyimiz, mənim də çoxsaylı məqalə və çısxışlarımda dəfələrlə təkrar etdiyim suallar yenə də bütün kəskinliyi ilə ortaya çısxır: “Bəs onda sonralar əsirlikdən azad olunan yüzlərlə azərbaycanlı necə, özləri könüllü əsir getmişdilər?”, “Əsirlikdə onların başına gələn min bir müsibət, min bir oyun necə? Bəyəm özləri açmışdı bu müsibəti öz başlarına?”, “Xocalı sakinlərinin məruz qaldığı işgəncələr… Bəlkə bu işgəncələri də özləri özlərinə vermişdilər?”, “Hələ indiyədək taleyindən bir xəbər olmayan insanlar da bəlkə özləri gizlənmiş, yaxud yoxa çıxmışlar?”, “Çoxsaylı foto və video materiallarında görünən – Xocalının küçələrinə səpələnmiş meyitlər… Bəlkə onlar da həmin gecə özləri intihar ediblər?”

Əslində ermənilər, erməni xalqı bütövlükdə Xocalı cinayətinin üstünün tamamilə açılmasında və təşkilatçıların, icraçıların və bu cinayətə, ümumiyyətlə yol verənlərin cəzalandırılmasında maraqlı olmalıdırlar. …Və bu məsələdə erməni xalqı Azərbaycan xalqının səsinə səs verməli, ermənilər azərbaycanlılara qoşulmalı və Xocalı cinayətkarlarının tapılıb cəzalandırılmasını tələb etməlidirlər. “Tapılıb” deyəndə ki, heç xüsusi axtarışa da ehtiyac yoxdur, onların əksəriyyəti məlumdur, sağdır və yerlərini də lazım olan orqanlar hamıdan yaxşı bilir. Deməli, “tutulub cəzalandırılması” demək daha düzgündür.

Xocalı hadisəsi uzaq 1915-ci il hadisələrindən fərqli olaraq 106 il bundan qabaq deyil, dünən – yəni cəmi 29 il əvvəl, özü də gözlərimiz önündə baş verib. Xocalı hadisəsinin şahidlərinin, – zaman keçdikcə yavaş-yavaş azalsalar da, – çoxu sağdır və həmin dəhşətli günləri çox gözəl xatırlayır.

…Və yenə də mənə elə gəlir ki, bu dəhşətli cinayətin üstünün vaxtında açılmasının qarşısını alanmların, əsil həqiqətlərin aşkarlanmasını istəməyənlərin də əsil məqsədi elə odur ki, on illər keçsin, şahidlər qalmasın, həqiqətlər unudulsun, tarix saxtalaşdırılsın, faciənin araşdırılmasında və həqiqətin üzə çıxmasında qəlbən maraqlı adamlar ya azalsın, ya da heç olmasın, əsil səbəbkarlar cəzasız qalsın və iki xalq arasındakı düşmənçilik də getdikcə daha da dərinləşdirilsin.

Sonuncu sözləri buraya ona görə əlavə etmişəm ki, hər cinayətin öz müəllifi var, yaxud olur. Bəzən müəlliflər çox olur: ssenari müəllifi, rejissoru, icraçıları, fürsətdən istifadə edib bu cinayətin icrasına qoşulanlar və s. Cinayətin üstü açılmayanda, yuxarıda sadaladığım “müəlliflər heyəti” layiq olduğu cəzaya məhkum edilməyəndə ətrafda hami cani kimi görünür və konkret şəxslər deyil, hamı düşmən hesab olunur. Mənim fikrimcə əgər konkret cinayətkarlar mühakimə edilsə, Azərbaycana, Azərbaycan xalqına qarşı və o cümlədən Xocalıda törədilən cinayətlərdə iştirak etməyən ermənilər də ədalətin həqiqətən işdə zəfər çaldığını görəndə daha ucadan danışmağa, həqiqətləri öz cəmiyyətlərindən qorxmayaraq dilə gətirməyə ürəklənərlər.

…Xatın, Xirosima, Xolokost, Xoca-Arık… Xocalı…

Xocalı sanki eyni hərflərlə başlayan və sanki eyni məna verən sadaladığım anlayış və adlarla faciə qardaşıdır, ortağıdır. Sözün birbaşa mənasında “kül tayası” anlamı verən Xolokost elə həm də Xocalıya aid deyilmi?

Xocalı da qanına qəltan edilib, odlara qalanıb, külə döndərilmədimi? Böyük bir şəhər bir gecənin içində özü boyda kül topasına çevrilmədimi?

…Xatın, Xirosima, Xolokost, Xoca-Arık… Xocalı…

Xocalı sanki onların davamıdır.

Və sanki bəşəriyyətin hələ də nadanlığının davamıdır, sübutudur.

Lakin Xocalıya qədərkilər öz qiymətini alıb.

Xocalı isə…

Xocalıya qədər törədilənləri törədənlər, yuxarıda dediyimiz kimi bu faciə “tamaşa”larının “müəlliflər heyəti”nin “üzv”lərinin bəzilərində hamısı, bəzilərində bir çoxu öz layiqli cəzalarına çatdırılıblar.

Xocalının müəllifləri isə…

Kərim Kərimli

 (Ardı var)

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş