Analar dünyadan nigaran gedir – Cəbrayıl Qəhrəmanın şeiri

1 0

“Azad Şuşa” Cəbrayıl Qəhrəmanın yeni şeirini əziz oxucularına təqdim edir.

 

Cəbrayıl Qəhrəman

 

Bu gecə yuxuma gəlmişdi anam

 

Bu gecə bir nurlu, aylı gecəydi,

Bu gecə yuxuma gəlmişdi anam.

Elə istəyirdim görəm üzünü,

Qəlbimdən keçəni bilmişdi anam.

 

 

Dedim: – Gəlişinə qurbanam, ana,

Nə vaxtdı qüssədən qəlbim yanırdı.

Ürək məşəl kimi gecəbəgündüz,

Sənin həsrətinlə alovlanırdı.

 

 

Görüşdük min ilin ayrısı kimi,

Sarılıb boynuna öpdüm üzündən.

Yenə əvvəlkitək qayğılı idi,

Suallar yağırdı qəmli gözündən.

 

 

Qəhər boğa-boğa danışırdı o:

– Özünü çox üzmə, qurbanın olum.

Nigaran olsam da hər birinizdən,

Gedib-gələmmirəm uzaqdı yolum.

 

 

Gözümə birtəhər dəyirsən, oğul,

Məni bağışla ki, əl tutammıram.

Bilmirəm, bu həsrət, bu ayrılıqdan,

Niyə alışmıram, niyə yanmıram?!.

 

 

Yaman sıxılıram o dar məzarda,

Məzarda yatmaqdan belim ağrıyır.

Tənhalıq içində, o lal sükutda,

Sizə “can” deməyən dilim ağrıyır.

 

 

Nigaran baxışla, min bir təlaşla,

Oğlunu, qızını soruşdu bir-bir.

– Hardadı uşaqlar, niyə görünmür?

Əvvəlki istilik gözümə dəymir.

 

 

Bilirəm, agahdı gün-güzəranın,

Hamının yükünü sən daşıyırsan.

Əzabla, ağrıyla keçir günlərin,

Sevinci paylayıb, qəm yaşayırsan.

 

 

Mənə bir xəbər ver obadan, eldən,

Gedə bildinizmi doğma yurdlara?

Məzarım da ayrı düşdü Vətəndən,

Alışdı, tutuşdu qəlbim odlara.

 

 

…Daha getməliyəm, açılır səhər, –

Olub-olmazları soruşdu getdi.

Bu gecə bir ayrı, nağıl gecəydi,

Yuxuma bal kimi qarışdı getdi.

 

Nə vaxtdı yoxluğun yandırır, ana,

Ağrılı qəlbimdən qara qan gedir.

Ruhun bizimlədir, cismin məzarda,

Analar dünyadan nigaran gedir.

 

8 mart 2024-cü il

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş