Arvad həminki dır-dırında idi, uşaqlarsa mələşirdilər – Seymur Orucun hekayəsi

1 0

Bu günlərdə Azərbaycan Dəmir Yol Muzeyində Mir Cəlal adına III hekayə müsabiqəsində iştirak etmiş 47 müəllifin 48 hekayəsindən ibarət toplunun təqdimat mərasimi oldu. Kitab TEAS Press Nəşriyyat evində nəşr edilib.

 “Azad Şuşa” “Şənbə günü hekayəsi” rubrikasında müsabiqədə birinci mükafata layiq görülmüş və həmin kitaba daxil edilmiş birinci hekayəni əziz oxucularına təqdim edir.

 

Seymur Oruc

 

Yağışlı bir gün idi…

Çox dedilər. Dedilər ki, “Oxuyub adam olmaq lazımdır”, “Gələcəyin qabaqdadır”, “Bu səfillikdən qurtulmaq lazımdır”. Bacarmadım. Nə oxumağı, nə də, belə görünür ki, adam olmağı… Əvəzində adi birisi oldum Arvad həminki dır-dırında, uşaqlarsa mələşirdilər. küçədə, avtobusda, hər yerdə görə biləcəyiniz adi bir insan. Biologiyanın öyrətdikləri ilə tibbin mənimçün dəqiq diaqnozu budur – “insan”. Bir baş, bir bədən, iki əl və iki ayaq… İçimi görə bilir tibb. Mədəmi, bağırsağımı, lap olsun beynimi… Dərinə getsə, hüceyrələrimə kimi görə bilər. Amma haradan bilsin ki, mən bütün o hüceyrələrimlə “əl-ələ verib” hansı işlər görürəm? Ona görə də atam haqlı idi: adam olmaqla insan olmaq tamam ayrı-ayrı şeylər imiş.

Ən pisi də odur ki, elə atam kimi oldum. Mənə uşaqlıqdan üzü bəri məsləhət verən hamı kimi… Onları gördüm, onlardan götürdüm. Planları alınmadı, özlərində alınmayan heç nəyi məndə də alındıra bilmədilər.

Məsləhətlərinə heç qulaq vermədim desəm, özümə qarşı haqsızlıq etmiş olaram. Bəzi dediklərinə uydum: dedikləri vaxtda və dedikləri qızla evləndim, dedikləri sayda uşağım oldu, hətta cinsiyyətləri də onların dediyi sıra ilə oldu uşaqlarımın. Eynən dedikləri kimi – “kişinin oğlu olar”, “qızsız evinsə dadı-duzu, bərəkəti olmur”. Böyüklər danışanda başımı aşağı saldım. İçdim, amma çəkmədim. Namazımı-niyazımı saxladım lap qocalan vaxtlarıma. O günə kimi nə dedilərsə, bacara bildiyimi etdim, bacara bilmədiyimi də, nə elədimsə, alınmadı. Ta o günə kimi… Mənə ən böyük həyat dərsini nə ailəmizin böyükləri olan ağsaqqal və ağbirçəklər verdi, nə atamgil, nə dost-tanış… Heç kimin verə bilmədiyini bir fahişə verdi mənə.

Rayonda payız soyuğu o il yaman kəsirdi. Yağışlar da ara vermək bilmirdi. Arvad həminki dır-dırında, uşaqlarsa mələşirdilər. Sobanın da üstündə, yəqin, makaron qaynayırdı. Bu mənim istirahət günüm idi. Tezdən durub hamama girib-çıxmışdım. Uşaqları rayon xəstəxanasına aparmaq lazım idi. Həkimə pul, o birilərinə pul – böyüyünün ayaqqabısı cırıq, balacanın əyninə geyəsi paltarlarının hamısı köhnə-kürüş, balacaya böyükdən, ona da qohumlardan qalma… Körpə qızıma da uşaq arabası lazımdı – iki uşaqdan sonra abırdan düşüb, özü də rəngi də düz gəlmir qız üçün. İnsafla danışanda, arvad dır-dır eləmirdi. Mənimsə başqa planım vardı… Evdən sivişib çıxmaq lazım idi. Ayaqqabı da köhnəlir, paltar da köhnəlir, araba da köhnəlir, bircə köhnə plan köhnəlmir. “Bu xarabada bircə gün dinc olmaq da olmur”, – deyib çırpdım qapını. Gözüm ayaqqabı şkafındakı qazın borcunun qəbzinə də sataşdı. Əminəm ki, arvad arxamca ağlayıb. Nə qədər danışsa da, bilir ki, yoxdur. Çarəsizlikdən, başqa nə edə bilər ki? Maaşımı, aylığımı bilir.

Amma çaxçuxumdan xəbəri yoxdur. Qıza yazdım ki, gəlirəm. Uşaqlar yaman tərif etmişdilər. Neçə vaxtdır kafedə gözüm onda idi, axır ki, düz-qoş edə bilmişdim. Pul cibimdə, hamamlanmağım qaydasında, telefonun ekranında da “gəl, tez gəl” mesajı – məndən xoşbəxt kim ola bilərdi!

Hər şey qaydasında keçdi, ta işimi yoluna qoyduqdan sonra danışmağa başlayana kimi. Soruşdum ki, “necə oldu ki, razılaşdın?” Axı neçə vaxt idi dalınca idim. O da qayıt de ki, “məcbur idim, pul lazım idi”. Dedi də bunu, pul hamıya lazımdır da. Axı mənə nə lazım idi soruşum ki, “nə üçün lazımdır pul?” “Uşağa lazımdır, – dedi, – ayaqqabısı cırılıb, havalar da yaman yağır. Yazıq uşaq, hər gün corabları yaş qayıdır evə”. Gözümün qabağında uşağımın corabını arvadın sobanın üstündən asmağı gəldi durdu. Bəlkə də, yalan danışırdı. Çox güman ki, elə yalan danışırdı. Ancaq nə fayda? Onun yalanı mənim həqiqətlərimi utandırandan sonra…

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş